Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşanın görkəmli şəxsiyyətləri “ adlı  dəyirmi masa keçirilib

09.06.2022

08.06.2022- ci il tarixində  Gəncə Regional  Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemininin  11 saylı kitabxana filialı 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı  “Şuşanın görkəmli şəxsiyyətləri “ adlı  dəyirmi masa keçirdi.
Tədbiri filialın kitabxanaçısı  Nailə Məmmədova açaraq bildirdi ki, dövlətimizin başçısı tərəfindən 2022-ci ilin “Şuşa İli” elan olunması barədə Sərəncamın imzalanması Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcək.
Deyirlər ki, Şuşanın gecələri çox qəribə olarmış. Ulduzlar göylərə səpilən zaman hər evdə tar-kaman dil açarmış. Bəzən də səhərədək bu qeyri-adi səslər susmazmış. Bu musiqidən coşan qayalar da nəğmə deyərmiş. Nəinki Şuşada doğulmaq, orada böyümək, elə bu şəhəri sevərək onun qonağı olmaq da bəs edərdi ki, sənin də qəlbin musiqi ilə döyünsün. 
Sonra isə Gəncə şəhər Diyarşünaslıq Evinin metodisti Leyla Əliyeva çıxış edərək bildirdi ki, XX əsr Azərbaycan musiqisinin inkişafında Hacıbəylilər nəslinin böyük xidmətləri var. Bu nəslin şah damarı Üzeyir Hacıbəylidir. Onun kimliyi barəsində düşünərkən, ilk növbədə, bu dahi insanın sözləri yada düşür: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar. Bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər"
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi məşhurdur. Məhz onun istedadı sayəsində Azərbaycan milli opera sənətinin tarixi 1908-ci ildə tamaşaya qoyulan "Leyli və Məcnun"dan başladı. İlk nəhəng əsərinin uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca milli operalar yazdı. 1937-ci ildə tamaşaya qoyulan "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi.
Daha sonra isə kitabxananın fəal oxucusu Piyalə Ələkbərova çıxış etdi və o öz çıxışında bildirdi ki, elmin, mədəniyyətin, maarifin inkişafında silinməz izlər qoyaraq adlarını tarixə yazan Bədəlbəylilər elə şöhrətli, nəcabətli və möhtəşəm nəsildir ki, onları həmişə dərin ehtiramla, minnətdarlıq duyğuları ilə yad edirik. Bədəlbəylilərin digər məşhur soyadlarla da qohumluq əlaqələri var ki, məhz həmin nəsillər - Qacarlar, Əliverdibəylilər, Hacıbəylilər Azərbaycanın tanınmış simalarıdır. Şuşada doğulan Bədəlbəy XX əsrin lap əvvəllərində maarif fədaisi olmaq şərəfinə çatdı. Ömürləri boyu incəsənətə yüksək amalla xidmət edən, onu zənginləşdirən, şöhrət qazandıran Bədəlbəylilər həqiqətən də xalq üçün yaratdılar, çalışdılar. Bədəlbəylilər mədəniyyət tariximizin əbədiyaşar simalarıdır.
Şuşalı Məşədi Cəmil Əmirov dövrünün görkəmli musiqi xadimlərindən biri olub. Hələ 1910-cu ildə Riqada "Qrammofon" firması Məşədi Cəmilin Azərbaycan musiqiçiləri ilə birgə ifa etdiyi muğam və xalq mahnılarını vala yazmışdır. 1911-1912-ci illərdə Məşədi Cəmil İstanbulda "Heyratı" muğamını nota köçürərək nəşr etdirmişdir.  Fərəhlə demək olar ki, Əmirovlar şəcərəsinin yolu bu gün də davam etməkdədir.
     Tədbirin sonunda isə mövzu ətrafında fikir mübadiləsi aparıldı.
    Tədbirdə kitabxananın fəal oxucuları ilə yanaşı , Diyarşünaslıq evinin və Gəncə Rəsm Qalereyasının əməkdaşları iştirak etdi.

 

228.4 KB

 

232.6 KB